»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv

  
BAŞ SƏHİFƏ ƏLAQƏ
SON DƏQİQƏ : Ermənistan ordusunun iki əsgəri xidmət yoldaşları tərəfindən öldürülüb  •   Ermənilər cəbhədə təxribat törətdi  •   Qarabağ Minsk Qrupundan böyükdür – Türk mediası  •   İrəvanda hərbi xidmətə getmək istəməyən tələbələrin etiraz aksiyası davam edir  •   Milli Qəhrəmanın ailəsinə ev verildi - Fotolar  •   Ermənistan atəşkəsi 115 dəfə pozdu  •   Azərbaycan ATƏT-in Minsk Qrupundan vacib addımların atılmasını gözləyir  •   Zakir Həsənov NATO toplantısında çıxış edib  •   Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinatlar  •   Los Ancelesin meri Qarabağa qanunsuz səfər etməyə hazırlaşır  •   Cəbhədə son durum  •   Azərbaycanda Dövlət Bayrağı gününü qeyd edilir  •   Azərbaycan və Almaniya hərbi mütəxəssislərinin görüşü keçirilir - Foto  •   Monitorinq insidentsiz başa çatıb - Rəsmi  •   Ermənistan silahlı qüvvələri atəşkəsi yenidən pozdu  •   Netanyahu və Nalbandyan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər  •   Qarabağ: Sülh üçün müharibə LAZIMDIR  •   Erməni silahlı bölmələri işğal etdikləri ərazilərdə təlimlər keçirir  •   ATƏT rəsmiləri cəbhəyə yollandı  •   Ermənilər kəndlərimizi atəşə tutdu  •  
QARABAĞ HAQQINDA SİYASƏT İQTİSADİYYAT CƏMİYYƏT MƏDƏNİYYƏT HADİSƏ DÜNYA İDMAN DİGƏR
YAZARLAR Mahir Qabiloğlu
12
14
16
18
23/02/2015 12:11
Qubadlıda olmamışam, amma oranı altı dəfə “görmüşəm”

Qızına bilmirik oduna qazın:
Havası isinmir otağımızın
İndi duyuram ki, ocağımızın
Közü-hərarəti anamgildədir.

Məktəbdə oxuyanda ədəbiyyyat müəllimimiz Ramizə İsmayılova tez-tez bizə inşa yazdırardı. İnşanın da əvvəlində epiqrafın olması vacib idi. Bunun üçün də şeirləri əzbər bilməli, hər mövzuya uyğununu 45 dəqiqə ərzində tapmalı, üstəlik 2-3 səhifə də yazı yazmalıydın. Nədənsə, heç vaxt Qubadlıda olmayan mən Qubadlının işğal gününün 20 illiyi ərəfəsində yazmağa qərar verdiyim məqalədə epiqraf yadıma düşdü.  

Çoxlu yazılar yazmışam. Amma heç vaxt da Ramizə müəllimənin inşaları, epiqrafları yadıma düşməyib. Amma nədənsə...

Ramizə müəllimə haqq dünyasındadır. Onu heç kim qaytara bilməz. Qubadlı isə “reanimasiya”dadır. İşğalçılarla təkbaşına çarpışır, vuruşur, dözür, gözləyir. Görəsən epiqrafda yazıldığı kimi 20 ildir ki, ana ocağının közünə, hərarətinə həsrət qalanlar onu yenidən həyata qaytara biləcəklərmi? Yəqin ki hə. Buna əminəm. O zaman bu şeir də bir epiqraf kimi tarixə qovuşacaq. Öz real, poetik  məcrasına qayıdacaq. Hələlik isə...

Qubadlıyla ilk tanışlığım

Qubadlının Xocamsaxlı kəndində anadan olan şair, alim, professor Qasım Qasımzadə yeddi bəndlik “Anamgildədir” şeirini 50-60  il bundan qabaq yazıb. Bakıda yaşaya-yaşaya, yaradıcılığının, elmi karyerasının pillələrində qalxa-qalxa,  şəhərin mərkəzində 4 otaqlı mənzili ola-ola, çoxlarının həsrət şəkdiyi QAZ-24 markalı “Volqa” sürə-sürə, Vətənə layiq iki şərqşünas, bir diplomat oğul yetişdirə-yetişdirə. Bu şeir onun yaradıcılığının şah əsəridir. O dövrün yaradıcı insanları bu şeiri əzbər bilirdilər. Ona görə yox ki, poetika yüksəkdir. Bu öz yerində. Çünki Qasımın anasının sağlığında Qubadlıda olmuşdular. Xocamsaxlı kəndinin bulaqlarından su işmişdilər. Dağ havasından udmuşdular. Ananın bişirdiyi ləziz yeməkləri dadmışdılar. Bu şeir onlara həm də buna görə doğma idi. Eyni zamanda atam Qabilə də.

Ana öləndən sonra  isə bütün bunlara son qoyulmuşdu. Şeir 28 iyul 1993-cü ildə ədəbi tariximizə qovuşmalıydı. Qasım Qasımzadə dünyasını dəyişən gün. Amma bundan bir ay üç gün sonra bu şeir bütün qubadlılar üçün klassik bir nümunəyə çevrildi, baxmayaraq ki, o mənada yazılmamışdı. Xüsusilə də son bəndi:

Ömrün qar fəslidir, ağarıb saçım,
Məni ata bilir, qardaşım, bacım,
Çətində mən kimin yanına qaçım?
Ata şan-şövkəti anamgildədir.

“Ata şan-şövkəti” də, “anagil” də artıq əsarətdə idi. Qasım Qasımzadə Qubadlının işğalını görmədi. Bizə bu şeiri qaldı. Təkcə qalmadı. Klassik bir poeziya nümunəsinə çevrildi. Vətən, torpaq nisgilli qubadlıların yox, bütün qaçqın və məcburi köçkünlərimizin himni oldu.

Mən İngiltərədə olmamışam. Amma Şekspir, Çarlz Dikkens, Konan Doyl, Daniel Defo və digərlərinin əsərlərini oxumaqla ora dəfələrlə səyahət etmişəm. Nəinki ora, onların əks etdirdiyi digər sirli dünyalara da.

Qubadlını da mən ilk dəfə qonşumuz Qasım Qasımzadənin şəxsində tanımışam. Orda olmaya-olmaya, oraları görməyə-görməyə. Anasıgilçün darıxanda, daha dəqiq desək Ana Vətən – Qubadlı üçün darıxanda dostlarını maşına mindirib rayona gedirdi. Ona görə də Qubadlı Qasımın anasının timsalında onun dostlarına da doğma idi. Qasımın anası onların da anası idi. Bu doğmalıq atamın ruhuyla mənə də keçmişdi:

Neçə anaya da anam anadır,
“Aləm bir yanadır, o bir yanadır”.
O açan süfrədə şor da bal dadır,
Ağzımın ləzzəti anamgildədir.

Burda statistikaya nəzər salsam, yerinə düşər. Qubadlının ərazisi 828 kvadrat kilometrdir. Əhalisi isə 31300 nəfərdir. Bu gün bəlkə  bundan da çoxdur. Hamısı da “ağzımın ləzzəti anamgildədir” deyir. Amma Qasım Qasımzadədən fərqli olaraq, maşına və ya avtobusa oturub ora gedə bilmirlər.

Şirinli-acılı ömür keçmişəm,
Yaxşını-yamanı görüb seçmişəm.
Evli-eşikliyəm, var işim-peşəm...
Uşaqlıq həsrəti anamgildədir.



2013-cü ildir. Qubadlı camaatı pis-yaxşı məskunlaşıblar. Yaxşını-yamanı görüblər. Evli-eşiklidirlər. Hərəsi bir sənətin qulpundan tutub başlarını dolandırırlar. Bu bəndin 3 misrasının hamısı real, göz qabağındadır. Amma uşaqlıq həsrətləriyçün yanırlar. Dördüncü misra yandırır.

Ürək ağrısına hey dözə-dözə,
Duranda nadanla bəzən üz-üzə
Bir səs eşidirəm: "Oğul gəl bizə..."
Dizimin taqəti anamgildədir.



İnsan uşaqlıqdan atasını, babasını güclü bilər. Onunla qürrələnər. Kökünə, nəslinə hörmətlə yanaşar. İşi çətinə düşəndə məsləhət üçün elinin-obasının ağsaqqallarına üz tutar. Elə-obaya gedəndə birinci nəslinin qəbirlərini ziyarət edər. Qasım Qasımzadə də belə edərdi. Bəs indi. Bu bəndin də üç misrasının hamısı realdır, hər gün baş verir. Amma dördüncü misra yandırır.



Gəlinin, yeznənin bilir yerini,
Çəkir qardaş-bacı dərdi-sərini.
Ərköyün böyüdür nəvələrini,
Hər kəsin qisməti, anamgildədir.

Qismət... Bunu açıqlamaq istəməzdim. Dördüncü misra yandırsa da, geci-tezi var. Hər şey yaxşı olacaq. Beləliklə şair, qonşu Qasım Qasımzadənin timsalında Qubadlı ilə  ilk tanışlığım belə başlandı.

Uşaqlar qəhrəmanları sevir

Sovet dövrü bütün ziyalı ailələrində uşağın tərbiyəsi demək olar ki, eyni aparılırdı. Uşaq 1-ci sinfə gedəndə artıq hərfləri, rəqəmləri bilməli, saymağı, oxumağı, yazmağı bacarmalıydı. Paralel olaraq musiqi məktəbinə gedib, həvəsi oldu-olmadı hansısa musiqi alətində heç olmasa dınqıldatmağı öyrənməliydi. Bir də ki, əsas məsələ - kitab oxumaq. Qiraət isə xalq dastanlarından, xalq qəhrəmanları haqqında kitablardan başlanırdı.

Birinci “Koroğlu”. Əsl adı Rövşəndir. İki atı var. Adları Qırat, Dürat. Dəliləri ilə Çənlibeldə məskunlaşıb. Kasıbları əzazil şahlardan, xanlardan müdafiə edib. Ömür-gün yoldaşı Nigar da özündən geri qalmayıb. Üzeyir Hacıbəyov bu el qəhrəmanına opera həsr edib. Bülbül baş rolda oynayıb.

Tam müfəssəl məlumatlı bir sovet adamı kimi yetişirdik. Amma bu gün Koroğlunun heykəlinə baxanda məəttəl qalıram. Görəsən onu yaradan heykəltaraş bu dastanı oxuyubmu? Koroğlunun atı - bircə qanadı çatışmayan, düşmənlə davada Koroğludan geri qalmayan Qırat olub, yoxsa Poni? Nə isə. Mətləbdən uzaqlaşmayım.

İkinci oxuduğumuz kitab isə “Qaçaq Nəbi” olurdu. Həyat yoldaşı Həcər. Atı Bozat. Elini, mahalını zalımlardan qoruyan xalq qəhrəmanı Zəngəzur mahalının, indiki Qubadlının Aşağı Mollu kəndində  anadan olmuş Qaçaq Nəbi. 10-11 yaşlı bizlər üçün böyük, güclü təəssürat idi. Bu el-oba barədə ikinci məlumatı bu dastandan aldım. Zəngəzuru, Qubadlını, onun igid camaatını  ikinci dəfə belə “gördüm”

İlk xalq yazıçısı, ilk Sosialist Əməyi Qəhrəmanı

1976-cı il idi. Atam “Nəsimi” poemasına görə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdü. Mükafatın məbləği 2500 rubl idi. Amma nə mükafatın özünü, nə də pulunu təqdim etmişdilər.  Dostları isə böyük banket arzusunda israrlı idilər. Özü də təkcə dostları yox. O məclisdə 60, 70, 80 yaşlı korifey yazıçılar yuxarı başda oturmalıydılar. Belə məclislər üçünsə o vaxt ən yaxşı, prestij, indiki dildə desək “elitni” yer “Köhnə İnturist” idi. 

Nəhayət, ziyafətin vaxtı dəqiqləşdi. Anamla mən də ailə üzvü kimi yuxarı başda oturacaqdıq. Evdən çıxmazdan qabaq müxtəlif prosedurlardan keçirdim. Birincisi məni yaxşıca yedizdirirdi ki, birdən orda yeməyi gözümə təpərəm. Qonaqlar da deyər ki, “Qabilin nə görməmiş oğlu var?” İkinci, 10 yaşlı mən dəng olurdum: “Yeməyi çəngəllə yeyərsən. Ağzındakını udmamış ikinci loxmanı ağzına basma. Sağlıq deyəndə və ya mahnı çalınanda yeməyi dayandır, qulaq as. Nə soruşsalar “Bəli”, “Xeyr”lə cavab ver”. 
İndiki kimi deyildi.  Toya gedəndə ana-ata uşağına tapşırıq verir:  “Bala, yaxşı  ye. Sənin də əvəzinə 100 manat salajam”.

Nə isə gəldik “İnturist”ə. Çoxlarını tanıyırdım. “Yazıçılar evi”ndə qalırdıq axı? Qarşımızda iki nəfər əzəmətli adam oturmuşdu. Çox zəhmli idilər. Gözlərin də mənə dikmişdilər. Sonra başa düşdüm ki, demə müşahidə edirmişlər məni. Çünki axırda dedilər ki, “çox mədəni uşaqdır. Yeməyi çəngəllə yeyir. Bəli-xeyrlə danışır”.

Birini tanıyırdım. Qonşumuz Məsud Əlioğlunun atası Əli Vəliyev idi.  Hündürboy kişi idi. Oğlu öləndə görmüşdüm onu. Telefonda xəbər verəndə demişdilər ki, gəlinin rəhmətə gedib, gəl. İçəri girib Rəna xalanı sağ görəndə hər şeyi başa düşmüşdü. Həyətə düşüb başını göyə qaldırıb bir nöqtəyə baxaraq donub dayanmışdı. Bu səhnə indi gözümdən çəkilmir. (Əli Vəliyev  yazıçı Afaq Məsudun babasıdır).

Qayıdaq qonaqlığa. Birdən atam mənə yaxınlaşdı. “Mahir, Süleyman Rəhimovdur, xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı. Tanı! Əli Vəliyevdir – xalq yazıçımız. Tanı!”

Atam demirdi tanış ol. Bu bayağı səslənərdi. Çünki onlar elə adam idilər ki, hamı onları tanımalı, hörmət etməliydi. O cümlədən mən – özü də 10 yaşından etibarən. Mən sonralar bildim ki, Əli Vəliyev, Süleyman Rəhimov Qubadlıdandırlar. Azərbaycanın ilk “Xalq yazıçısı” da, yazıçılar arasında ilk dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən də məhz Süleyman Rəhimovdur.

Qubadlını, böyük nasirlərimizi, cild-cild romanlarında təsvir olunan qubadlılı qəhrəmanlarını üçüncü dəfə onda görmüşdüm.

Heydər Əliyev ağlayırdı

1978-ci il idi. Məktəbdən evə gəlirdim. Daxili İşlər Nazirliyinin qarşısında qələbəlik idi. Demək olar ki, mühasirəyə almışdılar. 12 yaşım vardı. Başımı aşağı salıb gəldim evə. Axşam atam işdən qayıdanda dedi ki, “bəs bir nəfər türmə işçisi silahlı girib daxili işlər nazirinin kabinetinə. Naziri də, müavinini də qətlə yetirib. Sonra da özünü öldürüb. Otaqda olan digəri isə stolun altına girib. Deyəsən bizim Abdulla İbrahimovun qardaşıdır. Qorxudan dili tutulub. Türmə işçisi nazir müavinini öldürməkdə qərarlıymış. Nə qədər gözləyib ki, müavin nazirin yanından çıxsın sonra onu öldürsün. Sonda əsəbləri dözməyib. Girib nazirin kabinetinə ikisini də qətlə yetirib. Nazir də müavinin güdazına gedib”.

Ertəsi günü dəfn idi. Radioda canlı yayım gedirdi. Dəfndə Heydər Əliyev şəxsən iştirak edirdi. Qəhərini boğa bilmirdi. Ağlamaq səsi gəlirdi. Demə Arif Heydərov ulu öndərimizin yaxın, inandığı, təmiz çekistlərindən biri olub. Türkiyədə konsul işlədiyi halda onu Azərbaycana gətizdirib nazir təyin eləyib. Arif Heydərovun atası Nəzər Heydərov da böyük dövlət və partiya xadimi olub. SSRİ Ali Soveti Rəyasət Heyətinin sədr müavinliyinəcən ucalıb. Hər iki dövlət xadimi Qubadlı torpağının yetirməsiydi. Qubadlıyla dördüncü tanışlığım belə oldu.

Qubadlıdan ilk müdafiə naziri və general-leytenant

Qarabağ müharibəsində Qubadlı 228 şəhid verib. 10 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Qubadlı Qaçaq Nəbi və Həcər kimi iki xalq qəhrəmanının Vətənidir. Azərbaycana beş general bəxş edib.

Sovet ordusu Azərbaycandan çıxmışdı. Amma hərbi komissarlıq sistemində ruslar hələ də qalmaqda idi. İşləri də evlərə “povestka” göndərib, möhlət hüququ olanlardan nəsə “qopartmaq” idi. Belə siqnallar müstəqil Azərbaycanın yeni yaradılmış Müdafiə Nazirliyinə də çatırdı. Bu cür halla mən də üzləşmişdim. Söhbət gedib nazirliyə çıxmışdı. Məni ora çağırmışdılar. Ətrafımda 3 general, iki polkovnik vardı. Onlardan birini – gözəl şair, Xəlil Rzanın, atamın dostu Ramiz Məlikovu – Ramiz Duyğunu tanıyırdım. İş o yerə çatdı ki, atamı da nazirliyə dəvət etməli oldular. Bu məsələ başqa mövzunun söhbətidir. Atam otaqdan çıxanda soruşdum ki, o başda oturan general-leytenant kim idi?

- Mahir, o Valeh Barşadlıdır. SSRİ-nin ordusunda ilk azərbaycanlı general-leytenant. İndi də müstəqil Azərbaycanın ilk müdafiə naziri təyin olunub.

Valeh Bərşadlı Qubadlı rayonunun Eyvazlı kəndində doğulub. Qubadlıyla beşinci tanışlığım da belə başa çatdı.

Altıncı tanışlığım təki belə olmayaydı

Qubadlıyla bağlı sadalamalı çox şey var. Mən uşaq yaddaşımda həkk olanları qeyd etdim. Özü də Qubadlının işğalının 20 illiyində. Mövzuya yanaşmam nə qədər düzgün oldu bilmirəm. Amma  altıncı tanışlığımla bu yazını qurtarmaq istəməzdim. Çünki altıncı tanışlığım Qubadlının işğalı, əldən getməsi günüdür. Burda xronika və ya statistika vermək istəmədim. Necə min köçkünü var? Neçə rayonda məskunlaşıblar? Necə dolanırlar? Necə yaşayırlar?  

 
Qərar verdim ki, Qubadlıyla tanışlığım necə başlayıbsa, elə onunla da qurtarım. Epiqrafım Qasım Qasımzadənin “Anamgildədir” şeirindən bir bənd oldu. Epiloqum isə qoy şeir bütövlükdə olsun. İnanıram ki, bu Vətən nisgili yaşayan qubadlıların da ürəyindən olar. İstəsələr “Anamgildədir” sözünü dəyişib, “Qubadlıdadır” da oxuya bilərlər. Qasım əminin ruhu yəqin ki,  bizdən inciməz.



ANAMGİLDƏDİR



Şirinli-acılı ömür keçmişəm,
Yaxşını-yamanı görüb seçmişəm.
Evli-eşikliyəm, var işim-peşəm...
Uşaqlıq həsrəti anamgildədir.



Ürək ağrısına hey dözə-dözə,
Duranda nadanla bəzən üz-üzə
Bir səs eşidirəm: "Oğul gəl bizə..."
Dizimin taqəti anamgildədir.



Neçə anaya da, anam anadır,
"Aləm bir yanadır, o bir yanadır".
O açan süfrədə şor da bal dadır,
Ağzımın ləzzəti anamgildədir.



Gəlinin, yeznənin bilir yerini,
Çəkir qardaş-bacı dərdi-sərini.
Ərköyün böyüdür nəvələrini,
Hər kəsin qisməti, anamgildədir.



Qızına bilmirik oduna qazın:
Havası isinmir otağımızın.
İndi duyuram ki, ocağımızın
Közü-hərarəti anamgildədir.



Ömrün qar fəslidir, ağarıb saçım,
Məni ata bilir, qardaşım, bacım,
Çətində mən kimin yanına qaçım?
Ata şan-şövkəti anamgildədir.

Önceki Yazılar :
 
YAZARLAR
Leyla Əliyeva
Sən elə gözəlsən ki...
Mahir Qabiloğlu
Qubadlıda olmamışam, amma oranı altı dəfə “görmüşəm”
Vaqif Səlimov
20 ildir Kəlbəcərə getmirəm....
Ləman Piriyev
İnsan niyə intihar edir?
Nikbin Qasımlı
Məndil müharibəsi (Monofobiya terminologiyası silsiləsindən) hekayə termini
Fazil Mustafa
Müharibəni kim aparacaq?
Arzu Hüseyn
On İl Sonra
Qan Turalı
Qızın gizlətdiyi quş
Elməddin Nicat
İçimdə Hərlənən Adam
Hidayət Sönməz
“Yox”la “get” arasında sevgi qığılcımı (Şeir)
Ən çox oxunanlar bu həftə | bu ay
İstatistik

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

REDAKTOR
Seymur Yusifov
Email: info@qarabagxeber.com
Copyright © 2014 Qarabagxeber.com - Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması, saytımıza istinad mütləqdir.